Azərbaycan   /   English

İqtisadiyyat

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.

İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85%-ə çatmışdır.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.

Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi, yaradılmış əlverişli iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafı təmin etmişdir.

Qlobal maliyyə-iqtisadi böhran nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş kəskin ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Eyni zamanda, Azərbaycan 2009-cu ildə iqtisadiyyatın real artım tempinə görə region ölkələri arasında lider olmaqla yanaşı, müvafiq göstərici üzrə dünya miqyasında da yüksək yerdə qərarlaşmışdır. Belə ki, ilin yekunlarına əsasən, 2009-cu ildə ÜDM-in real artımı 2008-ci illə müqayisədə 9.3%, əhalinin hər nəfərinə düşən ÜDM-nin real həcmi isə 7.9% təşkil etmişdir. ÜDM-nin 64.1%-i iqtisadiyyatın istehsal, 28.3%-i xidmət sahələrinin payına düşmüş və bu sahələrdə real artım müvafiq olaraq 10% və 9.1% təşkil etmişdir. 2009-cu ildə neft-qaz sektorunda real artım 14.3%, qeyri-neft sektorunda isə 3.2% olmuş və eləcə də sənaye sektorunda real artım tempi 12.8%, nəqliyyatda 9.3%, rabitədə 13.1%, ticarətdə 9.9% təşkil etmişdir.

Əvvəlki illərdə olduğu kimi, kənd təsərrüfatına dövlət tərəfindən xüsusi diqqətin yetirilməsi və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində onun real artım tempi 2008-ci illə müqayisədə yüksələrək 3.5% təşkil etmişdir.

Ümumilikdə isə 2004-2009-cu illərdə ÜDM real ifadədə 2.8 dəfə artmış və cari qiymətlərlə 43.0 milyard ABŞ dollarına çatmışdır. Adambaşına düşən ÜDM-in həcmi 2004-cü ilə nisbətən 2009-cu ildə real ifadədə 2.2 dəfə artaraq 4874.1 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə əhalinin pul gəlirləri real ifadədə 2.0 dəfə, adambaşına düşən gəlirlər isə 85%, orta aylıq əmək haqqı 3 dəfə, minimum pensiyanın məbləği 3.8 dəfə, minimum əmək haqqı 6.3 dəfə artmışdır.

2004-2009-cu illərdə xarici ticarət dövriyyəsi 2.8 dəfə, o cümlədən, ixrac 3.9 dəfə, idxal 1.7 dəfə, qeyri-neft ixracı isə 2.4 dəfə artmışdır. 2009-cu ildə dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 2004-cü ilə nisbətən 7 dəfə artmış, ölkədə 2004-2009-cu illərdə 32886 yeni müəssisə yaradılmış, 840 minə yaxın yeni iş yeri açılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində yoxsulluq səviyyəsi son beş ildə 4.1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmişdir.

Azərbaycanın uğurları nüfuzlu Beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Eləcə də, “Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir.

Növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcəkdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.

Həmçinin, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir.

Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətləndiriləcəkdir.

Növbəti illərdə də sosial-iqtisadi siyasətin başlıca istiqamətini ölkə əhalisinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir.

top